Hepatit virusunu necə aşkarlamaq olar?
Hepatit virusunu necə aşkarlamaq olar?
Hepatit bütün dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan problemlərdən biridir. Hər il yüz minlərlə insanın hepatit virusundan öldüyü bildirilir. Bu isə hepatitin gec aşkarlanması, qaraciyərdə geriyə dönməz proseslərin getdiyi, sirroz yarandığı hallarda baş verir.
Orqanizmin əsas xəstəlik səbəbini bir çox digər xəstəliklər vasitəsilə ört-basdır etdiyinə görə Hepatit C-ni «zərif qatil» adlandırılar. Hepatiti vaxtında aşkar edib, ondan qurtulmaq lazımdır.
HCV-infeksiyası varsa, mütləq bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, sarılıq, bozumtul nəcis, tündləşmiş sidik, qarın ağrısı, əzələlər və oynaqlarda ağrılar kimi əlamətlər olmalıdır deyə fikir də həmişə özünü doğrultmur, belə ki, C viruslu hepatit əksər hallarda hər hansı xarici əlamətlər olmadan gediş alır.
Virusun aşkarlanması istiqamətində ilkin müayinə edilən antitellər (əks-cisimlər) orqanizmin immun sistemi tərəfindən virusa qarşı sintez olunan maddələrdir. Onlar törədicini deyil, onunla təması əks etdirir; eyni zamanda “yaddaş” xarakteri daşıyır, yəni virus əleyhinə müalicə almış, həmçinin virusun özbaşına xaric olunduğu şəxslərdə belə müalicədən sonra uzunmüddət və ya ömür boyu qanda aşkarlana bilər. Buna görə də virus əleyhinə müalicə almış və sağalmış şəxslər bilməlidir ki, növbəti illərdə anti-HCV qanda aşkarlanması normal haldır və təlaş səbəbi deyil. Kəskin C viruslu hepatitdən sonra 20%-dək hallarda “müalicəsiz sağalma” baş verə bilər və həmin şəxslərdə antitellər aşkarlansa da, qanda virusun özünün bir neçə müayinə zamanı “neqativ” olması (aşkarlanmaması) müalicəyə ehtiyacın olmadığını göstərir.
Daha çox B və C hepatitlərinə rast gəlinsə də, son illərdə Delta hepatiti də geniş yayılmağa başlayıb və hələlik bütün dünyada D hepatitinin tam müalicəsi mümkün deyil. Hepatit D, başqa sözlə, Delta virusu qaraciyərin iltihabına səbəb olan bir infeksiyadır. Bu virus qaraciyər xəstəliyinin şiddətlənməsinə, sonda isə xərçəng də daxil olmaqla ağır qaraciyər problemlərinə səbəb ola bilir.

