Kardiologiya

21.01.2020Sağlamlıq məqalələri

Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir

Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir. Fiziki gərginlik, stress zamanı ürək döyünməsi artır və biz bunu hiss edirik. Bu normaldır. Lakin əgər insan sakit vəziyyətdə ürəyin döyünməsini, ürəyin təkanlarını hiss edirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Bəzən isə insanlar əksinə ürək döyünməsinin zəifləməsini hiss edir. Ürək sanki "dayanır". Ürək ritminin pozulması "aritmiya" adlanır. Aritmiyanın bir neçə növü var.

Aritmiya özünü müxtəlif simptomlarla büruzə verir

  • zəiflik
  • başgicəllənməsi
  • ürəyin "dayanması" hissi və ya əksinə ürəyin güclü təkanları
  • ürək nahiyəsində sıxılma hissi

bayılma və s.

Aritmiyalar müxtəlif olur

ürək döyünməsinin tezləşməsi (taxikardiya). Bu zaman ürək döyünməsi sakit vəziyyətdə 1 dəqiqədə 100 vurğudan çox olur. Taxikardiyanın səbəbləri: hərarətin yüksəlməsi, miokardit (ürək əzələsinin iltihabı), ürək çatışmazlığı, qalxanvari vəzi funksiyasının artması (hipertireoz), anemiya, sinir sistemi xəstəlikləri. Taxikardiya zamanı insanı bu kimi simptomlar narahat edir: ürək döyünməsinin tezləşməsini, ürək nahiyyəsində xoşagəlməz hisslər.

ürək döyünməsinin azalması (bradikardiya - 1 dəqiqədə 60 vurğudan az olur). Bradikardiyanın səbəbləri arasında: sinir sistemi xəstəlikləri, miokard infarktı, qalxanvari vəzi funksiyasının azalması (hipotireoz), bəzi dərman preparatlarının təsiri və s.

ürəyin növbədən xaric yığılması (ekstrasistoliya). Ekstrasistoliya həm sağlam, həm də xəstə insanlarda müşahidə olunur. Bunun səbəbləri arasında: stress, yorğunluq, spirtli içkilərin qəbulu, siqaret çəkmək. Qarın boşluğu və ağ ciyər xəstəlikləri da bu aritmiyaya səbəb ola bilər. Bu halda əsas xəstəlik müalicə olunduqdan sonra ekstrasistoliya yox olur. Miokardit, ürəyin işemik xəstəliyi, kardioskleroz, tireotoksikoz ekstarasistoliyanın səbəbi ola bilər.

titrəyən aritmiya (ürəyin qaydasız yığılması). Bu aritmiyaların arasında ən təhlükəli sayılır. Titrəyən aritmiya zamanı nəbz dəqiqədə 150 vurğuya kimi ola bilər.

Titrəyən aritmiyanın səbəbləri: hipertoniya, ürəyin anadangəlmə qüsurları, kardiomiopatiyalar, perikardit, xroniki obstruktiv ağ ciyər xəstəlikləri, qalxanvari vəzi funksiyasının artması, virus infeksiyaları.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.