Gəncə Beynəlxalq Xəstəxanasının Həkimi Endekrinoloq Dr. Şəhla
Gəncə Beynəlxalq Xəstəxanasının Həkimi Endekrinoloq Dr. Şəhla Verdiyeva 20 Dekabr 2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ADAU tələbələri üçün Universitetin İqtisadiyyat fakültəsinin korpusunda təşkil edilmiş " İntihar- Çıxış Yolu Deyil” adlı maarifləndirici tədbirdə çıxış etmişdir.
"İntihar çıxış yolu deyil " mövzusunda maarifləndirmə işinin keçirilməsində əsas məqsəd gənclərə problem həll etmə bacarıqlarını aşılamaq, onlarda sağlam düşüncə tərzini formalaşdırmaqdır.Tədbir boyu intihar, onun səbəbləri və nəticələri, stress, stressin səbəbi və ondan çıxış yolları, problem həll etmə üsulları, gənclərə motivasiya kimi nüanslara toxunulub, gənclərimizin həyat yoluna işıq tutacaq məlumatları özündə birləşdirən, çox dəyərli mütəxəssislərimizin çıxışları ilə müşayiət olunmuşdur.
Tədbirdə İcra Hakimiyyətinin yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqları üzrə Komissiyanın məsul katibi Xalidə Mete, ADAU-nun Tərbiyə İşləri üzrə prorektoru Aidə Qasımova, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru Süleymanov Nicat, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Psixoloqu Vüsalə Balayeva, Həkimi Endekrinoloq Dr. Şəhla Verdiyeva, Psixoloqu Günay Bayramova, Gəncə Uşaq Evinin rəhbəri Nazilə Ismayılova, “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “İnsan Alveri və İnsan Alverinin Potensial Qurbanlarına Xidmət Göstərən Regional Reabilitasiya Reinteqrasiya Mərkəzi"-nin (sığınacaq) həmsədri Kübra Ələkbərova çıxış edərək tələbələrlə dəyərli məlumatları bölüşmüşdülər.
İki saat ərzində, gənclərə hər davranışda öz iradə və ləyaqətini seçmək, şüurlu vərdişlər yaradaraq həyatlarını daha sağlam hala gətirmək üçün faydalı tövsiyələr çatdırılmışdır.
Həmçinin gənclər, onları narahat edən suallarla mütəxəssislərə müraciət etmişlər.
Təşkilatçılara dəvət üçün öz təşəkkürümüzü bildiririk!

