Hər bir dərman vasitəsinin üzərində digər məlumatlarla yanaşı
Hər bir dərman vasitəsinin üzərində digər məlumatlarla yanaşı, saxlanma qaydası haqqında da məlumat var.
Lakin çoxumuz bu məlumatı oxumadan dərmanları harda gəldi saxlayırıq.
Dərmanlar evdə xüsusi ayrılmış şkafda sərin və quru yerdə saxlanılmalıdır. İsti və nəm yerdə dərman saxlamaq olmaz. Çünki dərmanların üzərindəki dərman əlavələri nəmi özünə tez çəkir. Bu zaman dərmanın tərkibi xarab ola bilər.
Dərmanların üzərində saxlanma şəraiti yazılır. Yayda bəzən evdə temperatur yüksək ola bilər. Ona görə dərmanlar sərin və quru yerdə saxlanmalıdır. Amma aşağı temperatur tələb olunan dərmanlar soyuducunun alt qatında saxlanmalıdır.
Bir çox dərman vasitələrinin qablaşdırılması açıldıqdan sonra içərisinə oksigen daxil olur, müəyyən müddətdən sonra dərman istifadəyə yararsız və hətta insan orqanizmi üçün təhlükəli olur. Bir qrup dərmanlar isə açıq havada buxarlanmağa başlayır. Saxlanma müddəti bitmiş dərmanı dərhal atmaq lazımdır. Bu prosesin də öz xüsusiyyəti var. Dərmanları sanitar qovşağa atmaq olmaz. Çünki onlar bu yolla təmiz su hövzələrinə də düşə bilər. Həmçinin dərmanları orijinal qablaşdırmada atmaq olmaz. Onları qutusundan çıxarıb kağıza bükmək və zibil qabına atmaq lazımdır. Şüşə qabda olan dərman vasitələrinin isə qablaşdırmasının üzərindəki adını qopartmaq lazımdır. Unutmaq olmaz ki, dərmanların effektivliyi onların düzgün saxlanılmasından asılıdır. Əgər dərmanlar düzgün saxlanılmasa, ən yaxşı halda o, öz xüsusiyyətini itirəcək, ən pis halda isə orqanizmə zərər verəcək.

