6-7 sentyabr 2025-ci il tarixlərində Bakı Gənclər Mərkəzində
6-7 sentyabr 2025-ci il tarixlərində Bakı Gənclər Mərkəzində Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Türkiyə Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə 1-ci Azərbaycan-Türkiyə Diabet Günləri keçirilib
Tədbirdə həm ölkəmizdən, həm də Türkiyədən tanınmış alimlər, mütəxəssislər diabet sahəsində elmi və praktik məruzələrlə çıxış ediblər. İki gün davam edən elmi tədbirdə şəkərli diabetin diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı aktual mövzular müzakirə olunub, mütəxəssislər öz təcrübələrini bölüşüblər.
Konfransın ikinci günündə Azərbaycan Nutrisiologiya və Diyetologiya Assosiasiyası – NUDİA tərəfindən “Diabetdə diyetologiyanın yeri” adlı simpozium təşkil olunub. Simpoziumda diabet xəstələrinin qidalanma strategiyaları, dietetik yanaşmaların müasir trendləri və xəstəliyin müalicəsində, eyni zamanda profilaktikasında qidalanmanın rolu geniş şəkildə təqdim edilib. Diabet və yanaşı xəstəliklər zamanı pəhrizin düzgün tərtibinin mühüm əhəmiyyət daşıdığı barədə məruzələr dinlənilib.
Bu tədbirdə Gəncə Beynəlxalq Xəstəxanasının həkim endokrinoloqu Dr.Şəhla Verdiya “Hiperosmolyar non-ketotik hiperglikemik vəziyyət” mövzusu ilə çıxış edib .
Qeyd olunub ki, Azərbaycan və Türkiyə alimlərinin birgə əməkdaşlığı gələcəkdə diabetin effektiv müalicəsinin təşkilində mühüm nəticələr əldə etməyə imkan verəcək.
Təşkilatçılara öz təşəkkürümüzü bildiririk!

