Buerger xəstəliyi (trombangit) - arteriya və venaların sistemli
Buerger xəstəliyi (trombangit) - arteriya və venaların sistemli immunopatoloji iltihab xəstəliyidir, xüsusən də orta və kiçik diametrli damarlarda olur.
Əsasən 30 -50 yaş arası olan və siqaret çəkən kişilərdə rast gəlinir, qol və ayaq arteriyalarında tıxanıqlıqla özünü göstərir. Ayaq və əl barmaqlarında uzun müddət sağalmayan yara və ya qanqrenə səbəb olur. Buerger xəstəliyi ən çox ayaq damarlarında daha az isə qol damarlarında tıxanmaya səbəb olur. Müalicə edilməzsə, barmaqların hətta ayaqların amputasiyasına (kəsilməsinə) səbəb ola bilər. Xəstəliyin əlaməti qol və ayaqlarda şiddətli ağrılar və əl və ayaqlarda açıq və ağrılı yaraların olmasıdır.
Müalicəyə əvvəlcə siqareti tərgitməklə başlanılır. Xəstənin siqareti tərgitməsi xəstəliyin sürətli inkişafının qarşısını alır. Müalicə özündə kompleks terapiyanı birləşdirir. Konservativ terapiya effektiv olmadığı halda cərrahi metodlardan istifadə olunur. İnvaziv üsullarla tıxanmış damarları açmaqla müalicə edilir. Bundan əlavə, bypass əməliyyatı vasitəsilə ayaqlarda qan dövranı təmin edilir.

