Kolit yoğun bağırsağın iltihablaşmasıdır
Kolit yoğun bağırsağın iltihablaşmasıdır. Ən geniş yayılmış növü xoralı kolitdir. Xoralı kolit bir çox xəstəliklərlə oxşar əlamətlərə sahibdir. Bu xəstəlik zamanı həzm kanalının daxili səthini örtən təbəqədə xəstəliyin inkişaf səviyyəsinə uyğun olaraq bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas səbəbi iltihablaşmadır. Bu iltihablaşma bağırsağın daxili səthində yaranır və bağırsağın daxili səthini örtən selikli qişada yara, şişkinlik, yaralar, qanama müşahidə olunur.
Xoralı kolit bağırsağın selikli qişasının iltihablaşmasıdır. İltihabi dəyişiklik olan nahiyədə xoralar yaranır. Yoğun bağırsaq içində daha çox rektum və bağırsağın sol hissəsində aşkar edilir. Xoralı kolit xəstəliyi həzm kanalının digər hissələrinə (mədə, nazik bağırsaq) təsir etməz.
Xəstəlik yoluxucu deyildir. Xəstəliyin inkişafında genetik faktor öz rolunu oynayır. Ətraf mühitin təsirləri arasında siqaret və spirtli içkilərin həddən artıq istifadəsi bu xəstəliyin inkişafına yol açır. Bundan əlavə, aspirin, antibiotik və s. dərmanlara xəstəliyin şiddətlənməsinə səbəb olur. Bu dərmanlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Xoralı kolit hər yaşda olan insanlarda özünü büruzə verir. Bununla yanaşı, əsasən 16-40 yaş arasında insanlarda daha çox rast gəlinir. Qadınlarla kişilər arasında rast gəlinmə nisbəti bərabərdir.
Uzun müddət xoralı kolitdən əziyyət çəkən xəstələrin xərçəngə tutulma riski böyükdür. 8 il və daha çox xoralı kolitdən əziyyət çəkən xəstələrdə xərçəng yaranma riski hər il 1% artır.
Xoralı kolit xəstəliyi qəflətən aktivləşə və ya uzun müddət xəstəyə əlavə bir narahatlıq törətmədən inkişaf edir. Xəstəliyin yaranma səbəbi tam məluma olmadığından aktivləşmə müddəti və səbəbi də məlum deyildir.
Xəstədə özünü göstərən əlamətlərə fərdi olaraq yanaşılır. Xəstənin yaşına, cinsiyyətinə, xəstəliyin müddətinə, xəstəliyin şiddətinə, xəstənin həyat keyfiyyətinə görə müalicə proqramı təyin edilir.
Buna bağlı olaraq xüsusi pəhriz, dərman müalicəsi və əməliyyat kombinasiyasından istifadə edilir.

