Hemofiliya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir
Hemofiliya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn və anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.
Qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan bu irsi xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil halına düşürlər.
Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə, tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tam hüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər.
Hemofiliya xəstəliyi üzərində qələbə çalmaq üçün uzun mübarizə aparmaq, davamlı və nizamlı həkim məsləhətlərinə əməl etmək lazımdır.
Bölmə Həkimi
- Hematoloq Dr. Orxan Hümbətov