Bəzi valideynlər düşünürlər ki, eynəklər gözü zəiflədir və təyin edilmiş eynəkləri…
Bəzi valideynlər düşünürlər ki, eynəklər gözü zəiflədir və təyin edilmiş eynəkləri taxmağa icazə verilmir. Eynək uşağın gözlərini doğurdanmı zəiflədir? Əlbəttə ki xeyr, bu belə deyil. Bu fikir həm yanlış, həm də təhlükəlidir. Eynəklə müalicə olunan göz xəstəlikləri zamanı eynək taxılmazsa gözlər daha da zərər çəkə bilərlər. Məktəbli uşaqların gözləri daim təzyiq altında olurlar – kitab oxumaq, dərs etmək, telefon və kompüterlə çalışmaq, bu fəaliyyətlər gözlərin yorulmasına gətirib çıxarır. Eynək gözlərə düşən yükü azaldır və göz xəstəliyinin inkişafının qarşısını alır.
Uşaq yaşlarında gözlərin sağlamlığına xüsusilə diqqət yetirmək lazımdır, çünki gözlər hələ inkişaf mərhələsindədir və uşaq oftalmoloq tərəfindən təyin edilən eynəkləri taxmasa fəsadları ağır ola bilər – görmə sistemi inkişafdan qalar və miyopiya, çəpgözlük kimi xəstəliklərin yaranmasına yol açar. Miyopiya olan uşaqlarda eynəkdən davamlı istifadə xəstəliyin inkişafını ləngidir.
Hipermetropiya olan uşaqlar isə eynək taxmadıqda göz və baş ağrıları ilə qarşılaşa bilərlər. Bundan əlavə, eynək taxmamaq həm miyopik, həm də hipermetrop uşaqların məktəb müvəffəqiyyətinə mənfi təsir göstərə bilər. Göz tənbəlliyi olan uşaqlar üçün eynək istifadəsi məcburidir. Əks halda, tənbəl göz qalıcı olacaq.
Əziz valideynlər, uşağınızın gözündə problem varsa oftalmoloqun dediklərinə riayət etmək çox vacibdir. Bu onun gələcəyini həll edən bir məsələdir. Həkiminizə güvənin, o sizin körpənizin bu dünyaya sağlam gözlərlə baxması üçün əlindən gələni edəcəkdir.
