Papillomalar təsadüfi və ya səbəbsiz yaranmır
Papillomalar təsadüfi və ya səbəbsiz yaranmır. Onların əsas səbəbi insan papilloma virusudur (HPV). HPV dəri və selikli qişaya daxil olduqda hüceyrələrin bölünmə prosesini dəyişir və nəticədə papilloma şəklində törəmələr əmələ gələ bilər.
HPV çox geniş yayılmış virusdur və insanların böyük əksəriyyəti həyatlarının müəyyən mərhələsində bu virusla təmasda olur. Virusun ən təhlükəli xüsusiyyəti ondan ibarətdir ki, uzun müddət heç bir əlamət vermədən orqanizmdə gizli qala bilir. Bu səbəbdən papillomalar qəfil yaranmış kimi görünür, halbuki virus artıq bədəndə aktivləşmiş olur.
Papillomalar bədənin müxtəlif nahiyələrində yarana bilər
- boyun, üz və qoltuqaltı nahiyədə
- ağız boşluğu, dodaq və boğazda
- genital bölgədə (xarici və daxili cinsiyyət orqanları)
- uşaqlıq boynunda və vaginal nahiyədə və s
Xüsusilə genital və uşaqlıq boynu nahiyəsində yaranan papillomalar daha ciddi tibbi nəzarət tələb edir. HPV-nin bəzi tipləri zərərsiz hesab edilsə də, yüksək riskli növlər vaxtında aşkarlanmadıqda uşaqlıq boynu patologiyalarına və xərçəngönü dəyişikliklərə səbəb ola bilər.
Papillomanın mövcudluğu bədəndə HPV-nin aktiv ola biləcəyinə işarədir və bu halda mütləq həkim müayinəsi aparılmalıdır. Daimi ginekoloji yoxlamalar, HPV testləri və PAP-smear müayinəsi erkən diaqnostika üçün ən etibarlı üsullardır.
HPV-nin erkən mərhələdə aşkarlanması nəzarət və müalicə imkanlarını əhəmiyyətli dərəcədə artırır və ciddi fəsadların qarşısını almağa kömək edir.

