Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün
Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var – dərman ifraz etməyən və dərman ifraz edən stentlər. Hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir.
Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.
Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Əməliyyat zamanı reanimasiya, stasionarda yatış (1gün) və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır.
Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır.
Xidmətdən yararlanmaq üçün
- Vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli
- “Xidmətlər zərfi” çərçivəsində “Göndəriş vərəqəsi” əldə etməli
Bu göndərişlə Gəngə Beynəlxalq Xəstəxanasına müraciət etməli.


